Turistik İstiqamətlər

Turistik İstiqamətlər

Qusar rayonu ölkədəki doqquz iqlim qurşağının dördünə malikdir. Əlverişli iqlim şəraiti burada istirahət, əyləncə və turizm kompleksləri təsis etməyə imkan yaradır. Zəngin flora və fauna Qusarda ekoturizm üçün bütün imkanlar yaradır.

EKOLOJİ TURİZM MARŞRUTLARI

Ekoloji turizm marşrutlarını üç istiqamətə bölmək olar.

Qusar-Qazanbulaq marşrutu

Bu istiqamətdə yeddi kvadrat kilometr sahəsi olan Alistan Baba meşəsi yerləşir. Yol boyunca yerləşən kəndlərdə tikməli geyimlər, ağac oymalar və məşhur Sumax xalçalarını ala bilərsiniz.

Qusar-Sudur marşrutu

Bu marşrut Samur çayı boyunca uzanır. Siz yerli əl işlərini alıb, pəhləvanların çıxışlarını izləyib, Lezgilerin həyat tərzi, adət-ənənələri və xalq yaradıcılığı ilə yaxından tanış ola bilərsiniz. Azərbaycan ilə Rusiya sərhədində yerləşən Samur çayının ərazisində bəzi kəndləri də görməyə dəyər:

Sudur kəndi - Şahdağın ətəyində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə dağların və dərələrin valehedici mənzərəsinə açılır.

Hil kəndi – milli əhəmiyyətli tarixi abidə sayılan 19-cu əsr məscidi ilə məşhurdur. Kəndin adı “gil” sözündən alınmışdır.

Həzrə kəndi – qədim kənd Qusarın ən əhəmiyyətli tarixi abidələrindən biri olan Şeyx Cüneyd Məqbərəsi ilə məşhurdur. Ərdəbilli Şeyx Cüneyd Şah İsmayılın (Səfəvilər sülaləsinin banisi) babasıdır. O, 1456-cı ildə Şirvanşahlar ordusu ilə müharibə zamanı həlak olmuşdur. Abidənin üzərindəki yazıya əsasən, məqbərə 1544-cü ildə inşa edilmişdir.

Həzrə kəndi də pəhləvanları ilə də tanınır. Yerli güləş tamaşaları Azərbaycan folklorunun ən məşhur nümunələrindən biridir. Bəzən pəhləvanların məşqini izləmək mümkündür.

 

Yuxarı Tahircal - gözəl mənzərəsi və çətin yolları olan dağ kəndidir. Yerli əhali daha çox arıçılıqla məşğul olur. Kəndi əhatə edən meşələr meyvə ağacları, xüsusilə də yabanı alma ağacları ilə məşhurdur.

Qusar-Laza-Suvar marşrutu

Bu marşrutun yolu əsasən daşlı və çınqıllıdır. Səyahətinizə davam etdikcə siz burada bir çox maraqlı yerlərə rast gələcəksiniz:

Anığ - Orta əsrlərdə ərəblərin hücumu zamanı kəndin müdafiəsində strateji əhəmiyyət daşıyan Anığ Qala Divarlarının inşası 9-cu əsrə təsadüf edir. Bu günə qədər qalmış Qala divarları 9,3 metr yüksəkliyə və 2 metr enə malikdir.

Mahalın Tacı (və ya Qusarın Tac Mahalı) - Anığ kəndi həmçinin dəbdəbəli evlərin və məscidlərin inşası ilə də məhşurdur. Kəndin mərkəzində yerləşən məsciddə buna xalis nümunədir. Rəvayətə görə məscidin memarı Hindistana səfəri zamanı Tac Mahalı görür və bənzər bir məscid inşa etməyə qərar verir. Təhmin edilirki xam kərpicdən tikilən bu məscidin 300 ildən artıq yaşı var. Divarlardaki rəsmlər bərpa olunmasa da, rəngləri ilə hələ də göz oxşayır. Bu rəsmlər bitki köklərindən hazırlanan təbii boyalarla çəkilib.

Laza kəndi - dağla biri birindən ayrılan iki hissədən ibarət kənd Qusar və Qəbələ rayonları arasında yerləşib. Kənd Böyük Qafqaz Silsiləsinin ətəklərində, Şah Yaylağı Zirvəsi və Şahdağın (4242 metr) yamacında, Böyük Qafqaz dağlarının mərkəzindən keçən yolun üzərində yerləşir. Kəndin əsas görməli yerləri 300 illik məscid, Hacı Seyid Baba ziyarətgahı, Tsar mağarası və Qusarçayın üzərində yerləşən qədimi daş körpüsüdür.

Suvar - Lazadan iki kilometr məsafədə yerləşən dağlıq ərazidə yerləşir. Bura Azərbaycanın ən yüksək nöqtədə yerləşən turistik istirahət zonasıdır. Şahdağın yamaclarında yerləşən bu kənd il boyu turistlərə açıqdır. Bura düşərgə qurmaq və piknik üçün çox əlverişlidir. Turistlər 3000 metr yüksəklikdə yerləşən Şax və Şahnabat yaylaqlarına baş çəkə bilərlər, eləcə də Qızılqaya bölgəsində yerləşən 3751 metr yüksəklikdəki Heydər Əliyev zirvəsini fəth edə bilərlər.

ŞƏLALƏLƏR

2000 metr yüksəklikdə yerləşən Qoşa şəlalələr bu ərazinin digər gözəl məkanlarından biridir. Burda yerləşən şəlalələrin qışda donması peşəkar alpinistlərə şəlalələrə qalxma uğrunda yarışlar keçirməyə fürsət yaradır. Regionda yerləşən Şahnabat, Laza və Afurca buranın digər gözəl şəlalələridirlər.

QUSAR VƏ QUBADA ETNOQRAFİK TURİZM

Azərbaycanın şimal bölgələri özünə məxsus incəsənəti, misgərlik və naxış sənəti, əl işləri və sözsüz ki xalçaları ilə məşhurdur.

XALÇA VƏ PALAZLAR

Xalçaçılıq ən qədim folklor növlərindən biri hesab edilir. Azərbaycanda bu sənətin bir çox növləri mövcuddur və Azerbaycanın ilk xalçaçılıq nümunələri 9-cu əsrə təsadüf edir. Çiçi, Ağgül və Pirabadil xalçaları Azərbaycanın ən seçilən xalçaları hesab edilir. 1712-ci ildə toxunmuş Qollu Çiçi xalçası Nyu Yorkda Metropolitan İncəsənət Muzeyində sərgilənir. Xalça toxuma prosesini müşahidə etmək və ya xalça əldə etmək istəyənlər bu bölgənin xalça mərkəzlərini ziyarət edə bilərlər.

MİS ƏL İŞLƏRİ

Bu bölgənin ən qədim adətlərindən biri də misgərlikdir. Siz yerli ustaların əl işlərini yan-yana yerləşən mis emalatxanalarından əldə edə bilərsiniz.

 

ETNİK MƏSKUNLAŞMA

Xınalıq Azərbaycana gələn hər turistin mütləq görməli olduğu yerlərdən biridir. Minillərlə xarici dünyadan təcrid olunmuş və təxminən 1200 nəfər əhalisi olan bu kənd nəsildən nəsilə öz nadir dil və ənənələrini qoruyub saxlamışdır. UNESCO dünya tarixi abidələri siyahısına daxil edilən bu kənd açıq hava muzeyini xatırladır.

“Dağlar arasında ada” adlandırılan bu kənd rayon mərkəzindən 65 kilometr məsafədə yerləşir. Binalar çay daşlarından inşa edilib və olduqca ibtidai həyat standartlarına malikdir. Adət-ənənələri və milli geyimlərini qoruyub saxlayan kəndlilər xarici görünüşləri ilə də seçilirlər. Xınalıq əhalisi heç bir dil qrupuna aid olmayan özünəməxsus dildə danışır. Yalnız yerlilər du dili danışır və anlayır. Cox vaxt kəndlilər öz nəqliyyat vasitələri ilə turistlərə ətrafı göstərirlər.

QIRMIZI ŞƏHƏR (KRASNAYA SLOBODA)

Qırmızı Şəhər 13-cü əsrə aid ən qədim yəhudi qəsəbəsidir. Bu bölgədə 13 sinaqoq var. Buranın yəhudi əhalisi öz adət-ənənələrini qoruyub saxlayıb və turistləri qonaqpərvərliklə qəbul edirlər. Özlərini çuğur adlandıran yerlilər çox qonaqpərvərdir və turistlərə həvəslə öz adət ənənələri və tarixləri haqda məlumat verməyə hazırdırlar. Onlar Azərbaycan və Rus dilləri ilə yanaşı Yahudi dilində də danışırlar.

BAZAR

Qusarın mərkəzi hissəsində müxtəlif bölgələrdən gətirilən malların, meyvə, tərəvəz və quru meyvələrin satıldığı bazar yerləşir. Bazardan çox münasib qiymətlərlə ev mürəbbələri, turşular və digər yerli məhsullar əldə etmək mümkündür.